*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • *7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ21-ci AZƏRBAYCAN BEYNƏLXALQ SƏHİYYƏ SƏRGİSİ  
*7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
  

Akademik Cəmil Əliyev Türkiyənin nüfuzlu elm ocağının ən yüksək fəxri adına və medalına layiq görülüb

Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü - akademiki adına və "Türk dünyasına xidmət" Beynəlxalq Qızıl Medalına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 10-da Milli Onkologiya Mərkəzində təqdimetmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Hayrettin İvgin bu seçim və qərarın heç də təsadüfi olmadığını deyib: "Akademik Cəmil Əliyevin adı Türkiyənin bütün elmi dairələrində yaxşı tanınır və hörmətlə qarşılanır. Cəmil Əliyevin keçdiyi həyat və fəaliyyət yoluna nəzər saldıqda gözlərimiz önündə öz işinin ustası olan, insanların sağlamlığının keşiyində durmağı özünə həyat amalı seçən, yüzlərlə gənc mütəxəssis yetişdirən nəhəng bir insanı gördük. Araşdırmalar bizi Azərbaycanın sərhədlərindən çox-çox uzaqlara aparıb çıxardı. Cəmil Əliyev Rusiyanın, Gürcüstanın, Azərbaycanın elmlər akademiyalarının, həmçinin Avropa Təbiət Elmləri Akademiyasının akademiki, İngiltərənin Hammersmit Kral Universitetinin və ABŞ-ın MD Anderson Xərçənglə Mübarizə Mərkəzinin fəxri professorudur. Tam səmimi deyirəm, bir türk insanının, bir Azərbaycan aliminin belə yüksək məqama çatması haqqında əldə etdiyim məlumat mənim üçün çox xoş və qürurverici idi".

"Fəxrlə bildirirəm ki, əslində akademik Cəmil Əliyev bizim yüksək mükafata təqdim etdiyimiz tanınmış şəxsiyyətlər arasında ən aparıcı yeri tutur. Cəmil Əliyev Azərbaycanın ən məhsuldar, ən işgüzar və ən titullu alimidir. Hörmətli akademikin indiyədək minlərlə cərrahiyyə əməliyyatı apardığı, yüzlərlə insanın həyatını xilas etdiyini bilirik. Onun dünyanın onlarca məşhur akademiyasının, universitetinin, elmi cəmiyyətinin akademiki, professoru və fəxri üzvü olduğundan da xəbərdarıq. Elmi-pedaqoji fəaliyyəti zamanı 8 elmlər doktoru, 38 tibb üzrə fəlsəfə doktoru yetişdirmiş akademik dünyanın ən nüfuzlu, ən qiymətli və ən böyük mükafatlarına layiqdir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik Cəmil Əliyevi gec də olsa, ən yüksək mükafatlara layiq görməyindən dərin məmnunluq duyur və bu hadisənin Akademiyamızın tarixində xüsusi yer tutacağını böyük əminliklə söyləyirəm", - deyə Hayrettin İvgin əlavə edib.

Sonra Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafatları akademik Cəmil Əliyevə təqdim edilib.

Qeyd edək ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türk dilini, mədəniyyətini, tarixini və ədəbiyyatını öyrənmək, araşdırmaq və yaymaq məqsədilə yaradılmış beynəlxalq elmi təşkilatdır. Akademiya yarandığı ilk gündən indiyədək dünyanın 30-dan artıq ölkəsinin nüfuzlu universitetləri, tədqiqat institutları, akademiyaları, elmi mərkəzləri, fondları və digər qurumları ilə qarşılıqlı əlaqələr yaradıb. Akademiyanın ABŞ, Fransa, İtaliya, İngiltərə, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Suriya, İordaniya, Misir, Ukrayna, Iraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Kosova, Makedoniya, Yunanıstan, Çin kimi ölkələrdə rəsmi təmsilçilikləri fəaliyyət göstərir. Türk dünyasının məşhur liderlərinin, elm adamlarının, siyasətçilərinin, yazar və iqtisadçılarının bütün dünyada tanıdılması da akademiyanın ən önəmli vəzifələrindəndir.

Türkiyəli qonaqlar Milli Onkologiya Mərkəzi ilə tanış olublar. Onlar əminliklə bildiriblər ki, türk mütəxəssislərinin bu şəfa ocağında öyrənəcəkləri çox məqamlar vardır.


  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..