*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Kor-koranə qəbul olunan dərmanlar və biz


“Mütləq həkim məsləhəti ilə dərmandan istifadə etmək lazımdır. Bu, adi ağrıkəsici dərmandan tutmuş allergiya əleyhinə nəzərdə tutulmuş dərmanlara qədər, hamısına aiddir, hətta vitaminlər belə, həkimin rəyi olmadan istifadə olunmamalıdır. Çünki fərdi olaraq bəzi insanların vitaminlərə qarşı allergiyası ola bilər”.

 
Elə bir insan olmaz ki, öz sağlamlığını düşünməsin, sadəcə olaraq, öz sağlamlığını nə qədər və necə düşünməkdə fərqli olanlar var. Eləsi var ki, sağlamlığı ilə bağlı hər şeydə həkim məsləhəti alır, elələri də var ki, bəzən həkim, bəzən də yaxınlarının məsləhəti ilə müvəqqəti narahatçılıqlarını həll edirlər. Təbii ki narahatçılığı olmasına baxmayaraq, həkimə heç getməyənlər də var. Bunun səbəbləri çoxdur, ola bilər ki maddi vəziyyəti buna imkan vermir və yaxud da tənbəllik edir. Haradansa eşitdiyi və ya oxuduğu müalicə üsulunu öz üzərində tətbiq edir. Beləliklə, özbaşına hansısa dərman vasitəsini qəbul etməyə başlayır. Həkim məsləhəti olmadan qəbul edilən dərmanların nələrə səbəb olacağını bilirikmi? Dərman qəbul edərkən həkim məsləhəti vacibdirmi? Tibbi biliyi olmayanların sözlərinə əməl etmək olarmı? Tibdən xəbəri olmayanların inyeksiyası nəticəsində nə ola bilər?
 
Bu və digər sualların cavabını öyrənmək üçün Tibb Universitetinin həkim-qastroenteroloqu Habil Hüseynova müraciət etdik. Həkim suallarımıza belə cavab verdi: “Ilk növbədə, onu qeyd edim ki, hər dərman preparatı müəyyən bir xəstəlik üçündür, universal deyil. Bir dərmanın müəyyən olunmuş xəstəliyə faydası vardırsa, başqa bir orqana ciddi zərər vermə təhlükəsi də var. Məsələn, hansısa bir xəstənin mədəsində ağrı var və həkim həmin xəstəyə mədə qoruyucu dərman vasitəsi əvəzinə, ağrıkəsici dərman verərsə, o zaman xəstədə mədə qanaması, deşilməsi və digər fəsadlar yarana bilər. Mütləq həkim məsləhəti ilə dərmandan istifadə etmək lazımdır. Bu adi ağrıkəsici dərmandan tutmuş allergiya əleyhinə nəzərdə tutulmuş dərmanlara qədər, hamısına aiddir, hətta vitaminlər belə, həkimin rəyi olmadan istifadə olunmamalıdır. Çünki fərdi olaraq bəzi insanların vitaminlərə qarşı allergiyası ola bilər. Hər bir dərman vasitəsini yalnız müayinədən sonra qəbul etmək olar. Əks halda, insan sağlamlığından ola bilər. Bir həkim olaraq, valideynlərə, xüsusən analara onu deyərdim ki, özlərinin və övladlarının həyatlarını riskə atmasınlar. Bunlardan əlavə, ailə daxilində rast gəlinən bir xəstəlik hər kəsə aid olmaya bilər. Məsələn, ailənin böyük uşağına yazılan dərman vasitəsini kiçik uşağa da vermək tamamilə səhvdir və təhlükəlidir. Bəzən valideynlər düşünürlər ki, ağrıkəsici, vitamin və s. dərmanı hər iki uşağında da istifadə edə bilər. Uşaqlarda ayrı-ayrı xəstəliklər varsa, bunların müalicəsi də fərqlidir. Valideynlər bilməməzlikdən öz övladlarına çox böyük zərər verə bilərlər”.
 
“Bir xəstəliyin səhv müalicə üsulu başqa bir ciddi xəstəlik yarada bilər”
 
Habil həkim bildirdi ki, insanda 2-3 ayrı xəstəliyə rast gəlinə bilir, bəzən bunlardan birinə yazılan dərman digər xəstəliyə çox ciddi zərər verə bilər. Ona görə həkim də dərman yazarkən bu vəziyyəti nəzərə alır. Bir dərmanın faydası zərərindən çoxdursa və bundan başqa dərman yoxdursa, yenə də həkim nəzarəti altında istifadə oluna bilər. Əks halda, bir dərmanın zərəri faydasından çoxdursa, onu başqa bir dərmanla dəyişmək məqsədəuyğundur. Hətta həkim məsləhətlərindən sonra da xəstədə ağırlaşma olursa, bu da xəstənin yaxınlarının və ya xəstənin bilmədən istifadə etdiyi üsullardan yaranır: “Bizim öz praktikamızda, bir xəstədə həm hepatit C, həm də immun hepatit xəstəliyi olub. Bu iki xəstəliyi müalicə edərkən birinin digərinə zərər verməməsi üçün ciddi müayinədən sonra dərman seçilir. Hər ikisi çox ciddi fəsadlara gətirib çıxara bilən xəstəlikdir. Serroz, qanaxma və ölüm kimi hallara da gətirib çıxara bilər. Bu vəziyyətdə həkim professional olmasa, xəstənin dərmanlarını seçməkdə çətinlik çəkər”.
 
Vaxtında həkimə getməmənin və “özünümüalicəetmə həvəsi”nin ciddi fəsadları
 
Əhali arasında həkimə gec getmə, heç getməmə və gedə bilməmə problemi haqqında isə həkim bildirdi ki, bunun bir çox səbəbləri var: “İnsanların vaxtında həkimə getməmələri və “özlərini müalicə etmə həvəsləri”nin səbəbi çox genişdir. Psixoloji vəziyyətlərindən tutmuş sosial vəziyyətlərinə qədər, bir çox məqamları qeyd etmək olar. Bundan əlavə, insanlarda “ağsaqqal hər şeyi bilir” kimi bir düşüncə var. İxtisas sahibi olmadığı halda, “bu nəslin seçilmişidir”, “hər şeyi bilir”, “onun sözünü eşitmək lazımdır” fikri düzgün deyil. Ucqar rayon və kəndlərdə yaşayanların vaxtında həkimə müraciət edə bilməmələri, həkim xidməti ala bilməmələri səbəbindən də müəyyən fəsadlar yaranır. Yaxud da zamanında müraciət edə biləcəyi mütəxəssis tapa bilmir, o zaman insanlar məcbur qalıb ailədə və nəsildə bir ağsaqqalın tövsiyəsinə əməl edirlər. Qastroenteroloq Habil Hüseynov: “Bizim çox rastlaşdığımız hallardan biri də odur ki, xəstələr uzaq rayonlardan telefonla zəng edərək müayinə olunmaq istəyirlər. Bu hal ilə, demək olar ki, bütün həkimlər qarşılaşırlar. Biz çalışırıq ki, bu vəziyyətdə xəstəni mümkün qədər inandırıb müayinəyə cəlb edək. Çünki vaxtında müayinə olunmama problem yaratdığı kimi, diaqnozu dəqiq qoyulmamış xəstəyə yazılan dərman da əks- effekt verə bilər. Belə deyək, xəstəni telefonla müalicə etmək və qeyri-peşəkarların məsləhəti təhlükəlidir”.
 
Həkim nəzarəti vacibdir
 
İnyeksiya (iynə vurulması) bəlkə çoxları üçün sadə bir şeydir. Lakin həkimin sözlərinə görə, iynənin peşəkar insan tərəfindən vurulması da vacib proseduralardan biridir. Məlumdur ki, bu zaman xəstənin dərisi deşilərək müəyyən məhlullar yeridilir, bunlar kifayət qədər təhlükəli ola biləcək şeylərdir. İynə vurulması, ilk növbədə, allergik təsir göstərə bilər. İkincisi, infeksiya keçmə təhlükəsi ola bilər, yəni iynənin üzərində olan infeksiya xəstənin dəri altına və ya əzələ altına yeridilir və ciddi fəsadlar yaranır. Üçüncüsü isə, iynənin hara vurulmasını bilmək lazımdır, ola bilər ki, səhvən başqa damar-sinir sistemini zədələyə bilər. Bu da xəstənin həm daxili qanaxmasına, həm də şikəst qalmasına gətirib çıxara bilər. Habil Hüseynovun sözlərinə görə, sınaq qoyma dərmandan asılı olaraq dəyişir: “Allergik təsiri ola biləcək iynələr üçün “prob” qoyulmalıdır. Yenə də təkrar edirəm, sağlamlığımızla bağlı hər şeydə həkim nəzarəti vacibdir. İynə vurarkən həmin dərmanın durulaşdırılması, lazımi miqdarın hazırlanması çox əhəmmiyətlidir”.
 
Qeyri-peşəkarların “məsləhəti” ciddi problemlərə gətirib çıxarır
 
Bəzən ailədə böyüklər xəstələnmiş ailə üzvlərinə dəqiq bilmədən, haradansa eşitdikləri dərmanları məsləhət görürlər və yarana biləcək təhlükələri nəzərə almırlar: “Yaxşı olardı ki, ailədə böyüklər bilmədən, mütəxəssis rəyi olmadan sağlamlıqla bağlı məsləhət verməsinlər. Özlərinin və ailə üzvlərinin həyatlarında təhlükə yaratmasınlar, bilmədikləri işə girişməsinlər. Sağlamlıq elə bir mövzudur ki, bu işi qeyri-peşəkarların etməsi çox böyük fəsadlara gətirib çıxara bilir. Bizim reanimasiya şöbələrimizdə olan xəstələrin bəziləri bu kimi hallardan əziyyət çəkənlərdir. Məsələn, bəzi xəstələrdə zəhərlənmə ilə infarkt səhv salınır. Hər iki halda insanlar qusduqları üçün yaxınları xəstələrin mədəsini yudurtmaq üçün həkimə müraciət edirlər. Müayinədən sonra müəyyən olunur ki, xəstə zəhərlənməyib, infarkt keçirir. Onu da deyim ki, infarkt keçirən şəxsin mədəsini yumağa cəhd çox ağır nəticə verə bilər”.
 
Türkəçarə müalicədə belə, həkim məsləhəti önəmlidir
 
“Türkəçarə” dediyimiz müalicə üsulu da var. Habil həkim deyir ki, “türkəçarə” tarix boyu olub, olacaq da: “Bitkilərlə, bəzi təbii vasitələrlə şəfa tapma hər zaman aktual olub. Lakin bu üsulları bilən var, bilməyən var və özlərini bilmiş kimi göstərənlər var. İstənilən halda ehtiyatlı olmaq lazımdır”. Televiziyalarda reklam olunan pereparatlarla müalicəyə gəlincə, müsahibimiz: “Burda da həkim məsləhəti vacibdir. Reklamlarda gördüyümüz preparatları kor-koranə istifadə insanın digər orqanlarında qalıcı, ciddi fəsadlar yarada bilər. Bunu bilmək lazımdır ki, elə bir universal preparat yoxdur ki, insanların bütün narahatçılığını aradan qaldırsın. Bu düşüncə sadəcə olaraq, bir xəyaldır. İnşallah, gələcəkdə eyni vaxtda bütün xəstəlikləri müalicə edəcək vasitələr ola bilər, lakin hələ ki elə bir şey qeyri-mümkündür”.

Baxılma sayı: 1171 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..