*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Hansı əlamətlər beyin şişlərindən şübhələnməyə əsas verir?


“Beyin şişlərinin bədxassəli və xoşxassəli olmasından daha çox, onun harada yerləşməsi önəmlidir"

“Baş beyin şişləri ilə bağlı danışanda hamının ilk ağlına gələn əlamət baş ağrılarıdır. Amma baş beyin şişlərində 50 faiz hallarda baş ağrısı əlamətləri olur. Yəni beynində şiş aşkarlanan iki xəstədən birində bu əlamətin olması mümkündür. Bu, o qədər də yayılmış bir simptom deyil”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında neyrocərrah, Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasının dosenti Rövşən Xəlilzadə deyib: “Ona görə də bu gün başı ağrıyan insanlar beynində şiş olmasından şübhələnmək fikrinə düşməsinlər. Bunu araşdırmaq lazımdır”.

Mütəxəssis deyib ki, digər şişlərdən fərqli olaraq, baş beyin şişlərinin özünəməxsus və konkret əlamətləri var: “İyirmi il davam edən baş ağrısı ilə bağlı beyində şişin olmasından şübhələnməyə dəyməz. Çünki bir şiş 20 il davam edə bilməz, bu müddətdə bir çox fəsadları ola bilərdi. Amma bir insanın heç baş ağrısı olmayıbsa, birdən-birə başında ağrılar əmələ gəlib, əl-ayaqlarında zəifləmə əmələ gəlibsə, narahat olmağa əsas yarana bilər. Baş ağrıları ilə yanaşı görmədə zəifləmənin, səhər yuxudan duranda qusmanın, ürək bulanmalarının olması, əl-ayaqda titrəmə, eşitmədə zəifləmənin, qulaqda küyün yaranması beyin şişlərinin olmasına şübhə oyadır”. 

Neyrocərrah beyin şişləri olduğu halda baş ağrılarının səhərə yaxın baş qaldırdığını, baş beyin şişlərində bütün başı əhatə edən küt ağrı müşahidə olunduğunu deyib. Həkim qeyd edib ki, beyin şişinə xas olan baş ağrılarını adi ağrıkəsicilərlə aradan qaldırmaq mümkün olmur

R.Xəlilzadənin sözlərinə görə, beyin şişlərinin hamısı qorxulu deyil: “Problem aşkarlandığı halda bunu faciəyə çevirmək lazım deyil. Elə şişlər var ki, inkişaf etməz və əməliyyatı daha böyük zərər verər. Beyin şişlərinin bədxassəli və xoşxassəli olmasından daha çox, onun harada yerləşməsi önəmlidir. Şiş aşkarlandığı halda bunu müşahidəyə buraxmaq lazımdır. Cərrahlar şiş aşkarlanan kimi bıçağı əllərinə alıb, bunu kəsməyə qərar vermir. Müəyyən zaman fasilələrində görüntüləmə metodlarından istifadə edilməlidir və şişin müşahidələri aparılmalıdır. Bəzən şiş elə yerdə ola bilər ki, cərrahiyyə əməliyyatı olunsa, insana daha artıq ziyan vermiş olar”.

Beyin şişlərinin yaranma səbəblərindən danışan neyrocərrah onu da deyib ki, mobil telefonların beyin şişi yaratması barədə iddialar sübut olunmayıb: “Amma enerjisi zəifləyən və dalğası zəif olan mobil telefondan istifadə eşitmə siniri şişlərinə səbəb ola bilir".

R.Xəlilzadə bir sıra hallarda baş beyin şişlərinin təsadüfən aşkara çıxdığını vurğulayıb: “Belə hallarda həm xoş, həm də bəd xassəli şişlərə rast gəlmək olur. Əksər hallarda təsadüfi tapılan, yəni əlamətsiz olan şişlər xoş xassəli şişlər olur. Bəzən bəd xassəli şişlər də əlamətsiz qala bilir. Ürək ağrıdan məqamlardan biri də budur ki, beyində bəd xassəli şişlərə xoş xassəli şişlərdən daha çox rast gəlinir”...

Milli.Az


Baxılma sayı: 924 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..