Qəhvə dünyanın ən çox içilən içkilərindən
biridir və qəhvə ağacının qızardılmış və üyüdülmüş dənələrindən alınır. Hal-hazırda
qəhvə ağacının müxtəlif növləri geniş yayılmışdır. Ən çox istifadə olunan arabika
və robustadır. Arabika və robusta qəhvə sortu deyil, bunlar eyni bitkinin müxtəlif
növləridir.
Arabika ən çox yayılmış qəhvə növüdür. Tərkibində
lipidlər və şəkər var. Arabika növündə giləmeyvə şirinliyini, sitrusların turşməzəliyini
və çiçəklərin ətrini hiss etmək olur.
Robustada kofein arabikaya nisbətən çoxdur, lipid və
şəkər isə az miqdardadır. Kofein çox olduğuna görə robusta yaxşı energetik
sayılır. Həmçinin kofeinin çoxluğu qəhvəyə acılıq və tünd ətir verir. Ona görə
də adətən robusta təmiz şəkildə içilmir.
Qəhvənin
tərkibində 200-dən çox kimyəvi maddə var: kofein, orqanik turşular, alkoloidlər,
aminturşuları, B qrup vitaminləri, mineral maddələr və s. Qəhvə güclü
antioksidantdır. Araşdırmalar göstərir ki, qəhvə insanın düşünmə qabiliyyətini
stimulə edir, gümrahlaşdırır, daxili orqanların fəaliyyətini yaxşılaşdırır. Tərkibinin
belə zəngin olması nəticəsində orqanizmi gücləndirir, iltihabı proseslərin qarşısını alır və həyat səviyyəsini
yaxşılaşdırır. Tərkibindəki alkoloidlərin mərkəzi sinir sisteminə stimuləedici
təsiri nəticəsində insanın əqli və fiziki
iş qabiliyyəti artır. Gün ərzində 2-3 fincan qəhvə sağlamlıq üçün risk daşımır.
Lakin uşaqlar və hamilə qadınlar üçün əks göstərişdir.