Sezon
qripi – bütün dünyada dövr edən qrip virusları tərəfindən törədilən tənəffüs
yollarının kəskin respirator infeksiyadır. Sezon qripinin 4 tipi mövcuddur – A,
B, C, D tipləri. Adətən A və B tipi sezon qripinin epidemiyasını törədir. Xəstəlik
çox vaxt yüksək temperatur, öskürək (adətən quru), baş ağrısı, boğaz ağrısı, əzələ
ağrısı, oynaq ağrısı, ağır nasazlıq, burun axma kimi simptomlarla başlayır. Çox
insanda temperatur düşür və xəstəlik 1 həftə ərzində qurtara bilər. Bəzən əksinə
xəstəlik getdikcə ağırlaşır və hətta ölümlə nəticələnir. Xəstəliyin müalicəsi
qrip nəticəsində yaranan temperaturun salınması və digər simptomların aradan
qaldırılması üzərindən aparılır. Əyər ağırlaşma müşahidə olunarsa, virus əleyhinə
dərmanların qəbulu başlamalı və həkimə müraciət edilməlidir. Xəstəliyin
profilaktikası üçün ən effektiv üsul vaksinasiyadır. 60 ildən çoxdur ki, qrip əleyhinə
vaksinlərdən istifadə olunur. Lakin vaksindən müəyyən müddət keçəndən sonra
immunitet zəifləyir, ona görə də hər il vaksinasiyanın təkrarlanması vacibdir.
ÜST-ün tövsiyəsinə görə hamilə qadınlar, 6 aylıqdan 5 yaşa qədər olan uşaqlar,
65 yaşdan yuxarı yaşlı insanlar, səhiyyə işçiləri və xroniki xəstəlikləri olan
insanların hər il vaksinasiyadan keçmələri məsləhətdir.