Qədim dövrlərdən alimlər quduzluğun xəstə itlərin
dişləməsi nəticəsində yarandığını öyrənmişdilər. İtlərin dişləməsi bəzən çox
ciddi nəticələrə səbəb olur və hətta letal vəziyyətə də gətirib çıxara bilər.
Düzdür, bu nadir hallarda olur. Bununla belə it dişləməsi zamanı hansı köməyi
göstərmək lazımdır bunu bilməliyik.
Bəs itlərin dişləməsi niya təhlükəlidir? Bu
zaman ən yüngül halda az və ya çox intensivliklə qan axan dərin yara yaranır. Ən
ağır halda isə dərinin tamlığı pozulur, əzələlər parçalanır və arteriya zədələnə
bilər. Dişləmə zamanı heyvanın ağız suyundakı bakteriyalar yaraya keçir və
çoxalırlar. Nəticədə toxuma iltihablaşır və irin əmələ gəlir. Belə yara ağrı
verir. Hətta temperatur da yüksələ bilər. Adətən dişləmənin 1 – 2-ci günü belə
vəziyyət yarana bilər. Əgər infeksiya qan dövranına düşərsə, bu çox təhlükəli
ola bilər. Belə ki, ümumi qanın zəhərlənməsi – sepsis baş verir. Bu nadir
hallarda baş verir.
Yaranın belə infeksiyalaşması baş verirsə, həkimə
müraciət etmək lazımdır.
Quduzluq ən təhlükəli nəticələrdən biridir.
Quduzluq xəstəsi olan it ağız suyu ilə virusu yaraya keçirir. Əgər vaxtında
müalicə olunmazsa, ölümcül nəticələnə bilər. İnsan quduzluq xəstəliyinə
tutularkən ilk günlər aşağıdakı simptomlar müşahidə olunur:
Zərərçəkən özünü pis hiss etməyə başlayır, zəiflik
yaranır, temparatur qalxa bilər;
Yaranın sağalmasına baxmayaraq, ağrı hələ də
keçmir;
Zərərçəkən yuxusuzluqdan əziyyət çəkməyə
başlayır, iştahı itir;
Başağrıları başlayır;
İnsan depressiyaya düşür, hər şeydən
qıcıqlanır;
İkinci etapda isə aqressiya və qorxu ilə dolu
həyəcanlanma tutmaları başlayır. Eyni zamanda ağız suyunun çoxalması, sudan və
işıqdan qorxma, iflic olma, hallüsinasiyalar və sayıqlamalar başlayır.
Qısa müddətli sakinlik dövründən sonra tənəffüs
yollarının və ya ürəyin iflici nəticəsində ölüm baş verir. Ona görə it dişləməsindən
sonra ən kiçik bir şübhə yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır.
Vaxtında həkimə müraciət edilərsə, vaksinləmə nəticəsində xəstənin halını
yüngülləşdirmək olar.
Bəzən ev şəraitində belə hal baş verir. Bu
zaman həmən yaranı sabunlu su ilə yumaq lazımdır. Əgər qanaxma varsa, hidrogen
peroksid ilə isladılmış tənzifi yara olan yerə qoyuruq və bir neçə dəqiqə sıxıb
saxlayırıq. Kiçik qanaxmadırsa, heç bir müdaxilə etmirik ki, qanla birgə
heyvanın seliyinin də axıb getməsinə imkan yaransın. Sonra yaranı istənilən
antiseptiklə təmizləmək olar.Ümumiyyətlə it dişləməsindən sonra terapevtə və
ya infeksionistə müraciət etmək lazımdır. Xəstəxanada yara təmizlənir, tikiş
qoyulur. Quduzlaşmaya və tetanusa qarşı peyvənd edilir (əgər tetanusa qarşı
peyvənd olunmayıbsa).