Müasir həyatın gətirdiyi yeniliklər, sürətli həyat tərzi, istehlakın üstünlük təşkil etdiyi cəmiyyət yeniyetmələrin həyat haqqındakı düşüncələrinə çoxmənalı təsir edir. Məhz bu yaşlarda yeniyetmələrdə dünyaya baxışları yenilənir, özünü azad hiss etmə haqqında fikirlər oyanır. Bəzən valideyn fiquruna qarşı çıxma qaydaların pozulmasına gətirib çıxarır. Valideyn dəstəyini hiss edən yeniyetmələr bu etapda çox ciddi problemlərə məruz qalmırlar. Məhz onların başa düşülməməsi davranışlarında bir çox problemlərə yol açır. Belə problemlərdən çox vacib olanı da qidalanma problemidir. Çünki qidada seçimlərinin olması onların müstəqilliklərini göstərmə yollarından biridir.
Araşdırmalar göstərir ki, müasir dövrdə yeniyetmələrdə piylənmə pozğunluğuna 2 dəfə çox rast gəlinir. Bu pozğunluq hətta yetkinlik dövründə də davam edir. Adətən buna səbəb yüksək kalorili aşağı keyfiyyətli qidaların qəbulu və az hərəkətli həyat tərzidir.
Məhz bu dövrdə hormonal status dəyişir. ÜST-ün araşdırmalarına görə bu dövrdə 10 və 18 yaş arası yeniyetmə orqanizminin formalaşması baş verir. Bu period ərzində bütün əsas sistemlərdə həzm, tənəffüs, ürək-damar, endokrin sistemdə ciddi dəyişikliklər baş verir. Əzələ kütləsi artır, cinsi inkişaf yekunlaşır. Düzgün qidalanmama, vitaminlər, mikroelementlər qəbul etməmə maddələr mübadiləsinin normal funksiyasının pozulmasına, müxtəlif xəstəliklərə qarşı orqanizmin müdafiə sisteminin zəifləməsinə, cinsi inkişafın ləngiməsinə, anoreksiyaya gətirib çıxarır. Hətta gələcəkdə sümüklərdə bir çox elementlərin defisitinin yaranmasına da səbəb ola bilər.
Yeniyetmələrin düzgün qidalanmasına olan yanaşmalarda aşağıdakıları nəzərə almaq lazımdır:
Qida maddələrinin həm miqdarı, həm də proporsiyaları insan orqanizminin fiziki tələbatına uyğun olmalıdır;
Qidanın kimyəvi tərkibi insan orqanizminin fermentativ sisteminə uyğun olmalıdır;
Qida rasionunu gün ərzində düzgün bölmək lazımdır;
Qida sanitar-gigiyenik tələblərə mükəmməl cavab verməlidir;
Gündəlik rasion enerji dəyərinə görə orqanizmin enerji tələbatına uyğun olmalıdır;
Uşaq orqanizminin normal inkişafı üçün, hər gün balanslaşdırılmış qida ilə qidalanmalı, müsbət, sağlam vərdişlər əldə edinməli, düzgün qidalanma rejimi formalaşdırılmalıdır. Düzgün qidalanma rejimi dedikdə hər gün eyni vaxtda və müəyyən zaman çərçivəsində qidanın qəbul edilməsi nəzərdə tutulur. Balanslaşdırılmış qida gənc orqanizmin lazım olan zülal, karbohidrat, qida lifləri, yağlar, meyvə və tərəvəzlərlə zənginləşməsinin təmin edilməsidir.