Müasir dövrdə hər bir evdə ilk yardım vasitələrinin və dərmanların saxlanıldığı müəyyən bir guşə olur. Müxtəlif gözlənilməz vəziyyətlər yaranarkən təcili müdaxilə zamanı məhz bu ehtiyat tədbirləri köməyə gəlir. Əsasən də uşaqlar üçün bu vəziyyətlərin yaranması zamanı nələrdən istifadə etmək olar nəzərdən keçirək:
Temperatur zamanı. Temperaturun 38 dərəcəyə qədər qalxması zamanı həkimlər heç bir qızdırmasalıcı preparatdan istifadə etməməyi tövsiyə edirlər. Çünki bu zaman bədənin özünün müdafiə mexanizmləri işə düşür və orqanizm xəstəlik ilə mübarizə aparmağa başlayır. Adətən təhlükəsiz üsullar ilə müalicə: bal, mürəbbə ilə çay, soyuq kompresin qoyulması və s. xəstənin vəziyyətini yüngülləşdirir. Əgər temperatur 38 dərəcədən yuxarı qalxarsa, artıq ibuprofen, parasetamol tərkibli preparatlardan istifadə etmək olar. Ona görə də uşaq ilk yardım çantasında belə tərkibli preparatlar şərbət, şam və ya tablet formasında saxlanılmalıdır. Lakin uşaqlara dərman verərkən dozalarını həkimin qeyd etdiyi kimi vermək lazımdır. 3 gündən artıq davam edən qızdırma zamanı mütləq həkimə müraciət etmək lazımdır. Belə vəziyyətdə özünümüalicə ilə məşğul olmaq qadağandır! Uşaqlara asetilsalisil turşusu tərkibli preparatların verilməsi yolverilməzdir.
Soyuqdəymə zamanı. Havaların soyuması ilə əlaqədar olaraq uşaqlarda bir sıra simptomlar əmələ gəlir. Bu zaman öskürək, burun tutulması, axması kimi hallar yaranır. Öskürəklə mübarizə zamanı gülxətmi, biyan bitkilərinin dəmləmələrindən, preparatlarından və kimyəvi tərkibli preparatlardan istifadə etmək olar. Burun tutulmaları zamanı dəniz duzu tərkibli preparatlardan istifadə burun yollarını açmağa kömək olur. Əgər burunla tənəffüs çətinləşərsə, selikli qişada ödem əmələ gəlibsə, uşağın yaşına uyğun olaraq uşaqlar üçün olan damardaraldıcı preparatlardan istifadə etmək olar. Lakin öyrəşmə yaratmaması üçün həkimin dediyi qaydada və müddət ərzində istifadə etmək lazımdır.
Allergiya zamanı. Kiçik yaşlardan etibarən uşaqlarda bir sıra məhsullara, toza, heyvan tükünə və s. qarşı allergik reaksiya yaranır. Uşaq böyüdükcə, onun orqanizminin xüsusiyyətlərini öyrəndikcə valideynlər belə vəziyyətlərə hazır olurlar. Lakin bu ilk dəfə olduqda yardım çantasında olan allergiya əleyhinə olan antihistamin preparatlar valideynlərin köməyinə gələ bilər. Belə preparatlar müxtəlif formalarda buraxılır: tablet, şərbət, damcı, aerozol, krem və s.
Bəzən körpə uşaqlarda süd dişlərini çıxardan zaman damaqların şişməsi olur, bu körpələrə çox əziyyət verir. Belə vəziyyətlərdə damaqların ağrısını azaltmaq üçün stomatoloji gellər istifadə olunur. Lakin istifadə etməmişdən əvvəl valideyinlər preparatın tərkibi ilə tanış olmalıdırlar. Tərkibində yerli anestetik olan gellər həkim məsləhəti ilə istifadə oluna bilər.
Uşaqların maraq dünyaları çox geniş olduğu üçün ətrafı intensiv öyrənməyə çalışırlar. Aktivlikləri çox yüksək olduğuna görə də bu zaman kiçik travmalar baş verə bilir. Belə vəziyyətlərə valideynlər əvvəlcədən hazırlıqlı olmalıdırlar. Yardım çantasında müxtəlif antiseptiklərin, leykoplastrların, sarğı vasitlərinin, dekspantenol tərkibli kremlərin olması valideynlərin belə hallarda vazkeçilməzidir.
Bəzən qidalanmada pozğunluq baş verərkən, hər hansı səbəbdən qusma zamanı, xəstəlik dövründə uşaq bədənində susuzlaşma yaranır. Belə zamanlarda rehidratasiya üçün olan preparatlar istifadə olunur. Bundan başqa yardım çantasında probiotiklər, diareya əleyhinə olan preparatlar, virus əleyhinə, immunitet üçün müxtəlif preparatların olmağı məqsədəuyğundur.