Sellülit
adətən gənc yaşlarda və hamiləlik zamanı qadınlarda yaranan problemdir. Sellülit
birləşdirici toxumanın, xüsusən də dərialtı toxumanın iltihabıdır. Qadın
orqanizminin anatomik quruluşuna xas olan nahiyələrdə yaranır: göbəkaltı, omba,
bud, dizlərin içəri nahiyələri, çiyinlər və s. Bu hissələrdə dəri məsamələr şəklində
olur və portağal qabığını xatırladır. Vaxt keçdikcə bu məsamələr daha da
böyüyür, dəri elastikliyini itirir, soyuq və quru olur. Sellülit yaranan zaman
sinir ucları təzyiqə məruz qaldıqlarına görə dərini palpasiya zamanı ağrı verir,
qan dövranı, limfa dövranı çətinləşir.
Məlumdur
ki, sellülitin əmələ gəlməsinin əsas səbələri hormonal pozğunluq, birləşdirici
tozumanın sərtliyi, genetik olaraq meyilli olma, düzgün qəbul edilməyən qida
rasionudur. Əsasən də yağlı, çox duzlu və ya şirin, qazlı şirin içkilər,
alkohol və un məmulatlarını həddindən çox qəbul etmək piy toxumasında dəyişikliklərə
səbəb olacaqdır.
Dərinin vəziyyətini
yaxşılaşdırmaq üçün aktiv həyat tərzi keçirmək lazımdır ki, maddələr mübadiləsi
sürətlənsin. Nəqliyyat vasitələrindən istifadədən çox piyada gəzintiyə üstünlük
vermək, piylərin daha çox yığıldığı bölgələr üçün sadə və effektiv olan idman hərəkətləri
etmək lazımdır. Həmçinin səhərlər gündəlik işlərə başlamamışdan əvvəl qaçış,
velosiped sürmək, üzgüçülüklə məşğul olmaq kimi hobbilər əzələ sisteminin möhkəmlənməsinə
gətirib çıxarır. Daha sonra müxtəlif SPA prosedurlarından, antisellülit masaj
növlərindən istifadə edilir. Bəzən bu çox ağrılı ola bilər, lakin xoşagəlməz “portağal
qabığı” dəridən qurtulmağa kömək edir. Müxtəlif pilinqlərdən, skrablardan
istifadə etmək dərini çirklənmədən təmizləyir, qidalandırır, piyləri çox yaxşı
parçalayır, elastikliyi artırır, qan dövranını düzəldir.
Bir sözlə
sellülit xəstəlik deyil, sadəcə orqanizmə xas olan piy toxumasının anatomik
xüsusiyyətidir, yəni fizioloji prosesdir. Piy toxumasının hüceyrələri
silindirik formada olduqlarına görə incə dəri altında həmişə dərinin kələ
kötürlüyü kimi görünürlər. Sadəcə piy qatı nə qədər çox qalın olarsa, bir o qədər
onun silindirik strukturu dəri üzərində görünəcəkdir.
Bəzən
idman, pəhriz nəticəsində müəyyən nahiyələrdə olan piy qatından azad olmaq
olmur. Bu zaman liposaksiya əməliyyatına müraciət edirlər. Lakin bu üsulla sellülütdən
birdəfəlik azad olmaq olmur. Sadəcə olaraq korreksiya xarakteri daşıyır. Yəni
sellülitdən azad olsanız belə bu müvəqqəti xarakter daşıyacaq.
Bəzən gənc
qadınlar arasında yeməkdən imtina kimi qəti üsullarla sellülitdən birdəfəlik
azad olma istəyi yaranır. Bu zaman orqanizm menstrual tsiklin pozulması,
anoreksiya kimi ağır pozğunluqlara məruz qalır. Həmçinin qadın orqanizmində piy
ehtiyatının 15%-dən aşağı düşməsi immun sisteminin zəifləməsi kimi ciddi dəyişikliklərə
yol aça bilər.