İnsan orqanizmi uzun müddət stress hücumlarına
qarşı durmağa hazırdır, lakin elə bir an gəlir ki, gərginlik ən pik həddə
çatır. Bu orqanizm üçün artıq dözülməz olur. Əmələ gələn bu gərginliklə mübarizə
aparmaq üçün orqanizm öz müdafiə mexanizmlərini işə salır. Bu zaman da
dediyimiz sinir krizi baş verir. Bəs bu vəziyyət hansı səbəblərdən yaranır?
Sinir krizi zamanı nə baş verir?
Bəzən iş prosesində və ya ailə daxilində baş
verən anlaşılmazlıqlar stressə səbəb olur. Belə vəziyyət uzun müddət davam edərsə,
orqanizm güclü yüklənməyə məruz qalır. Sinir sisteminin resursları tükənmiş
olduğu halda isə sinir krizi baş verir. Adətən emosional, həssas, tez həyəcanlanan
insanlarda, həmçinin meqapolislərdə yaşayanlarda, daima gərginlik altında işləyənlərdə,
çətin həyat vəziyyətində olanlarda baş verir.
Bu zaman insanın adaptasiyasını təmin edən
beyin fəaliyyətinin pozulması baş verir. Nəticədə psixi və somatik
patologiyaların baş verməsinə yol açılır. Orqanizmdə humoral və sinir mezanizmləri
bir biriləri ilə əlaqəli işlədiyi üçün psixikanın istənilən pozğunluğu daxili
orqanların funksiyasında problemlər yaradır. İnsan güclü gərginlik hiss edəndə,
qəzəb hissi yarananda adrenalinin sintezi artır. İnsulin istehsalı da nəticədə artır. Hipofiz
vəzin hormonlarının sintezi çoxalır, katexolaminlərin sərbəst buraxılması baş
verir və s.
Sinir krizinin müalicəsi ilə bağlı universal
cavab yoxdur. Hadisənin baş verməsindən və diaqnozdan asılı olaraq sinir krizi
zamanı necə davranmağı həkim psixiatr və psixoloq müəyyən edir. Bu mütəxəssislərin
iş profilləri fərqli olur, ona görə də hər ikisinin köməyi lazım olur.
Orqanizmdə pozğunluqların davam etməsindən asılı olaraq digər mütəxəssislərə də
müraciət edilir.